Yagmur 2 - Avtomatik suvarma sistemleri

Yararsız torpaqların bərpası ekoloji təhlükəsizliyə zəmanətdir.

      "Yağmur-2" şirkəti artıq 14 ildir ki, çoxillik əkinlər, tərəvəz bitkiləri, kənd təsərrüfatı məhsulları, landşaftların suvarılması üçün suvarma sistemləri, o cümlədən stadionlarda ot örtüyünün suvarılması üçün damcı üsulu ilə suvarma sistemlərinin quraşdırılmasını təmin edir. Bundan əlavə, şirkət istixanalarda suvarma sistemlərinin tətbiqində geniş təcrübəyə malikdir. Bunlar dumanlama, damcı suvarma, həmçinin mikro çiləmə üsullarıdır.

Şirkətin direktoru Namiq Hacıyev BakuCity.az-a müsahibəsində "Yağmur-2" şirkətinin fəaliyyəti və inkişaf mərhələləri haqqında danışıb.

N.Hacıyevin sözlərinə görə, 2006-cı ildə "Yağmur-2"nin yaradılması zamanı şirkətin ilkin məqsədi Azərbaycanda suvarma sisteminə SMART texnologiyalarının tətbiqi idi:

"Xaricdəki müxtəlif beynəlxalq tədbirlərdə iştirak etdik, suvarma sistemindəki ən yeni texnologiyaları axtardıq. Bu səfərlərin nəticəsi olaraq ölkəmizin ərazisində "Yağmur-2" şirkəti yaradıldı. Beləliklə, Azərbaycanda bu sahə 2006-cı ildən inkişaf etməyə başladı".

"Yağmur-2"nin bu sahədə çalışan ilk şirkətlərdən biri olduğunu qeyd etmək lazımdır.

“Şirkətimiz ABŞ və İsraildən avadanlıq gətirməyə başladı. Nəzərə alsaq ki, həmin dövrdə ölkəmizdə "tikinti bumu" başladı, suvarma, bağçılıq, parkların, oyun meydançalarının və yaşayış komplekslərinin infrastrukturunun inkişafı olduqca aktual idi", - deyə N.Hacıyev qeyd edib.

Beləliklə, 2006-cı ildən şirkət avadanlıqlar idxal edir, quraşdırır, eləcə də digər xidmətlər göstərir. Dənizkənarı Milli Parkın (yeni bulvar daxil olmaqla) suvarma sistemləri, Sumqayıt bulvarı, Şəmkir, İsmayıllı və respublikanın digər ərazilərindəki parklar, həmçinin bütün Azərbaycanda idman komplekslərindəki suvarma sistemlərini "Yağmur-2" şirkəti təmin edib.

“2013-cü ilə qədər tendensiya bir qədər dəyişdi. Bu vaxta qədər böyük parkların əksəriyyəti tikildi, bu sahədə görüləcək işlər nisbətən azaldı. Bizim üçün yeni imkanlar açıldı - bunlar kənd təsərrüfatı sahəsindəki layihələrdir. Hətta deyərdim ki, bu dövrdən etibarən "Yağmur-2"nin fəaliyyətinin ikinci mərhələsi başladı, şirkətin diqqətinin çox hissəsi kənd təsərrüfatı istehsalına yönəldildi. Dövlət başçısı İlham Əliyevin bu sahədə dəstəyi artdı, Prezident bu sahənin inkişafı ilə əlaqədar müəyyən sərəncamlar imzaladı. Məsələn, bu gün xaricdən ölkəyə gətirdiyimiz suvarma sistemi idxal və əlavə dəyər vergisindən azad edilib. Beləliklə, fəaliyyətimizin 85%-ni kənd təsərrüfatına yönəltdik.

İndi kənd təsərrüfatında SMART texnologiyalarını tətbiq etməyə başlamışıq və deməliyəm ki, bu sistem olduqca uğurlu alınıb. Texnologiyamız müntəzəm olaraq becərildiyi və suvarıldığı üçün torpağın qurudulmasının qarşısını alır, torpaq yaxşı vəziyyətdə qalır. Hazırda bu istiqamətdə işlərimizi davam etdiririk".

Şirkət rəhbərinin sözlərinə görə, “Yağmur-2” “Astaraçay” kimi genişmiqyaslı layihələrdə yaxından iştirak edir, 600 hektar çay əkini, Abşeronda 400 hektar badam bağları, həmçinin Qəbələdəki 1000 hektara yaxın brend üzüm bağlarını suvarma ilə təmin edir. Həmçinin Quba, Xaçmaz, Qax və s. bağlar da suvarılır. Hər yerdə elektron sistem tərəfindən idarə olunan damcı suvarma quraşdırılıb: 

"Hazırda “kənd təsərrüfatı bumu” da köhnəlməyə başlayır. Buna görə də gələcək üçün yeni variantları nəzərdən keçiririk. Azərbaycanda kifayət qədər yararsız kənd təsərrüfatı torpaqları, uzun müddət becərilməmiş şoran torpaqlar və eroziyaya məruz qalan ərazilər var. 2020-ci ildə bu torpaqların münbitləşməsi üçün yeni vasitə və texnologiyalar axtarmağı planlaşdırırıq".

Hazırda "Yağmur-2" təbii minerallar almağı planlaşdırdığı üçün Rusiya şirkəti ilə müqavilə bağlamaq imkanını nəzərdən keçirir:

"2020-ci ildə almağı planlaşdırdığımız çirklənmiş torpaqlarda təcrübələr aparacağıq. Bu gün bazarımızda torf və digər kimyəvi əlavələr təklif olunur, lakin torpağa zərər verməmək üçün təbii minerallara üstünlük veririk".

Mütəxəssisin qeyd etdiyi kimi, oxşar məhsullar digər ölkələrdə, MDB ölkələrində, Avropa və Çində də mövcuddur, lakin müxtəlif kimyəvi maddələrin əlavə edilməsi ilə istehsal olunur, Rusiyada isə bu xammal təbii formada qablaşdırılır:

"Ümidvarıq ki, sınaq dövrümüz məhsuldar keçəcək və lazımi nəticəni alacağıq. Təxmini hesablamalarımıza görə, bu metod yararsız kənd təsərrüfatı torpaqlarını zənginləşdirməyə kömək etməlidir. Beləliklə, bu istiqaməti şirkətimizin fəaliyyətinin üçüncü mərhələsi adlandırıram".

Qeyd edək ki, “Yağmur-2” Azərbaycanda və xaricdə keçirilən beynəlxalq kənd təsərrüfatı və ekoloji sərgilərdə iştirak edir.

“Həmin sərgilərdə təmsil olunan MDB ölkələri, Türkiyə və İran tərəfi ilə tərəfdaşlıq edirik. Bu cür tədbirlərə qatılaraq dünyanın hər yerindən gələn iştirakçılar və qonaqlarla əlaqə saxlayırıq. Bu cür tədbirlər sayəsində Azərbaycandan ayrılmadan müxtəlif ölkələrin istehsalçıları ilə danışıqlar aparırıq”.

Züleyxa İsmayılova

BakuCity.az

Şərhlər

Son xəbərlər